ABADA-nın üzvü “Elvin-R” MMC Pekində keçirilən beynəlxalq konfransda təmsil olunub

28 Noyabr 2026 - 19:47

26 noyabr 2026-cı il tarixində Çinin paytaxtı Pekində keçirilən 6-cı İllik Tədqiqat Konfransı (6th Annual Research Conference) çərçivəsində şirkətin direktoru Elvin Binyatov beynəlxalq panel müzakirəsində spiker qismində çıxış edib.

Konfransın əsas mövzusu “Sərhədləri birləşdirərək: Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantılar, investisiyalar və regional inteqrasiya” olub.

Panel müzakirəsində beynəlxalq avtomobil daşımalarında rəqəmsal texnologiyaların tətbiqi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, eTIR, e-CMR və elektron icazə sistemlərinin inteqrasiyası, eləcə də tranzit dəhlizlərinin rəqəmsal əlaqələndirilməsi məsələləri müzakirə edilib.

Müxtəlif ölkələrin dövlət qurumlarını, beynəlxalq təşkilatları və nəqliyyat sektorunun nümayəndələrini bir araya gətirən bu konfransda şirkətin təmsil olunması beynəlxalq logistika sahəsində təcrübənin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Elvin-R" MMC-nin Azərbaycan logistikasını beynəlxalq arenada təmsil etməsi məsuliyyət və qürur mənbəyidir!