Daşıyıcı şirkətlərdən “İcazə” blankları üçün alınan xidmət haqqı dayandırılıb

13 Aprel 2022 - 11:13

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə” blankları üçün nəzərdə tutulan xidmət haqqı ləğv edilib. Daşıyıcı şirkətlərdən əldə etdiyimiz məlumata görə, bu blankların alınması zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) xidmət haqqı ödənilirdi. Amma aprel ayından ABADA bu ödənişi daşıyıcı şirkətlərdən almır.

Məsələ ilə bağlı ABADA-dan verilən məlumata görə, bu qərar daşıyıcıların mövcud vəziyyəti nəzərə alınaraq qəbul edilib.

Məlum olduğu kimi, ötən il mayın 27-də avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması, avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına töhfə verilməsi məqsədilə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” İctimai Birliyi (ABADA) ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında “avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” memorandum imzalanıb.

Memoranduma uyğun olaraq ABADA tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin icrasına yönəlik beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, qabaqcıl təcrübələrin təhlili vasitəsilə beynəlxalq daşımalar bazarının inkişafına, marşrutların optimallaşdırılmasına, xərclərin azaldılmasına xidmət edən həllərin təklif edilməsi, beynəlxalq avtomobil daşımaları bazarının tələblərinin araşdırılması yolu ilə Azərbaycan Respublikasının iştirakı təklif olunan beynəlxalq təşəbbüslərlə bağlı tövsiyələrin hazırlanması kimi məsələləri nəzərdə tutan, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində dövlət-özəl tərəfdaşlığına əsaslanan geniş əməkdaşlıq platforması yaradılıb. Bununla yanaşı, memorandum çərçivəsində beynəlxalq daşımalar üçün zəruri sənəd olan “İcazə” blanklarının bölgüsü ilə bağlı yeni mexanizm hazırlanıb və hazırda tətbiq olunur. Bu müddət ərzində icazə sənədlərinin bölgüsü üçün informasiya ehtiyatları formalaşdırılıb, prosesin idarə olunması üçün proqram təminatı alınıb və Azərbaycan şəraitinə uyğunlaşdırılması həyata keçirilib, interaktiv internet səhifəsi yaradılıb, daşıyıcıların məlumatlandırılması üçün SMS kommunikasiya sistemi qurulub və mütəmadi görüşlər təşkil edilib. Hazırda icazə sənədlərinin bölgüsü ilə bağlı yeni mexanizmin maddi-texniki əsaslarının formalaşdırılması və tətbiqi yekunlaşdırılır.

Bütün bunlar milli daşıyıcılarımızın bu daşımalarda bazar payının artırılmasına, beynəlxalq daşımalar bazarının inkişafının stimullaşdırılmasına, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tətbiqinin təkmilləşdirilməsinə, daşımalar sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Beynəlxalq Nəqliyyat Forumu, TRASEKA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları İttifaqı və sair) fəaliyyətin qarşılıqlı dəstəklənməsinə və avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların effektivliyinin artırılması məqsədilə müasir texnologiyalardan istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən e-TIR, e-CMR kimi beynəlxalq təşəbbüslərin əlaqələndirilməsinə, həmçinin bu istiqamətdə Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək.

Görülmüş işlərin və sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin davamı olaraq, ABADA-nın təsis fəlsəfəsinə və Nizamnaməsinə uyğun olaraq əsas məqsədinin Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafına yardım edilməsi, daşıyıcıların maraqlarının müdafiəsi olduğunu, yaxın regionlarda geosiyasi vəziyyətin mürəkkəbləşməsi səbəbindən bir çox istiqamətlərdə daşımaları mümkünsüz olmasına görə yeni bazarlara çıxışın stimullaşdırılmasının, rentabelli marşrutların seçilməsinin, eyni zamanda, ənənəvi istiqamətlərdə idxal-ixrac əməliyyatlarında problemlərin Azərbaycan daşıyıcıları üçün əlavə xərclər yaratdığını və onların maddi vəziyyətinə mənfi təsir etdiyini nəzərə alaraq, Birliyin İdarə Heyəti aprelin 1-dən etibarən icazə sənədlərinin bölgüsü ilə bağlı xidmət haqqının tətbiqinin üç ay müddətində dayandırılması haqqında qərar verib.

Qeyd etmək zəruridir ki, ABADA tərəfindən memorandum üzrə öhdəliklərin icrası davam etdirilir. ABADA Azərbaycan daşıyıcılarının maraqlarının qorunmasına, onlara kompleks dəstək göstərilməsinə və bütövlükdə Azərbaycan beynəlxalq daşımalar bazarının inkişafına öz töhfəsini bundan sonra da verməkdə davam edəcək.