31 Mart soyqırımından 106 il ötür

31 Mart 2024 - 05:12

      Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. 
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.

Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.

Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Amma qisas yerdə qalmadı. 1988-ci ildən başlayaraq, növbəti dəfə tarixi İrəvan torpaqlarımızdan sovet rəhbərliyinin dəstəyi ilə zorla azərbaycanlıların köçürülməsini həyata keçirən, Dağlıq Qarabağda terror, qarşıdurmalar yaradan, ərazilərimizin 20%-ni işğal edən və cənnət Qarabağımızın ekologiyasını, tarixi, dini-mədəni abidələrini, bütün infrasturukturu məhv edən təcavüzkar Ermənistana 44 günlük müharibədə Şanlı Azərbaycan tarixi dərs verdi. 
Bu tarixi qələbəni 27 sentyabr 2020-ci il tarixində başlanan II Qarabağ müharibəsi ilə bizlər Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqımızın milli ruhu sayəsində əldə etdik. 
Məhz həmin gün 32 ildən bəri davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu.
İstər beynəlxaq hüquq baxımından, istərsə də tarixi ədalət baxımından Azərbaycan dövləti və xalqı bir yumruq olmaqla səfərbər olaraq 44 gün ərzində tarixi ədaləti bərpa etdi.

Azərbaycvan Respublikasının Prezidenti və onun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları nəticəsində 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirilməklə Ermənistan məğlub edildi.

Bu şanlı və haqq etdiyimiz tarixi qələbəmiz, dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət, hərbi strategiyası, xalqımızın güclü iradəsi və böyük əzmi, milli ruhu, dünyada yaşayan azərbaycanlıların dəstəyi Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Allah vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış vətən oğullarına rəhmət eləsin.

QRAFİKA: Əli Hüseynov