Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” Azərbaycanın 2025–ci ilədək və 2025–ci ildən sonrakı dövr üçün müəyyən edilmiş hədəflərə nail olmaq məqsədilə müəyyən edilən tapşırıqlar fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Milli avtodaşıyıcılarımızın maraqlarının və mənafelərinin qorunması, daşımalar prosesində onların rastlaşdıqları problemlərin həll edilməsi, “Şərq-Qərb”, “Şimal-Cənub” TRACECA və Trans–Xəzər beynəlxalq dəhlizlərində daşıyıcılarımızın xüsusi çəkilərinin artması nailiyyətlərimizin əsasını təşkil edir.
Bu sözləri Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov bildirib. AZƏRTAC Həbib Həsənov ilə olan müsahibəni təqdim edir.
-2023-cü ildə ABADA-nın fəaliyyətini necə qiymətləndirirsiniz? Builki nailiyyətləriniz barədə məlumat verərdiniz.
Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında göstəricilər üzrə davamlı artım müşahidə olunur. Avtomobil nəqliyyatı xidmətləri bazarının genişlənməsi sayəsində Azərbaycanın ikitərəfli daşımalar üzrə beynəlxalq daşımalar bazarı 2022-ci ilin 1-ci yarım ilində 135.070 ədəd olduğu halda, 2023-cü ilin müvafiq dövründə 153.872 ədəd təşkil edib ki, bu da 13.9 faiz böyümə deməkdir. Cari ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə daha sıx əməkdaşlıq nəticəsində bir sıra nailiyyətlər əldə edilib. ABADA-nın Tədris Mərkəzində BYD (Karnet –TIR) sistemi ilə yüklərin beynəlxalq daşımasına, təhlükəli yükləri (ADR Konvensiyası) daşıyan sürücülərin və həmçinin beynəlxalq daşımalar üzrə operatorların məsul şəxslərinin hazırlığının səviyyəsi və keyfiyyəti xeyli yaxşılaşıb. Cari ildə ABADA-nın Tədris Mərkəzində 2341 şəxs xüsusi təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında 8 aprel 2022-ci il 149 nömrəli Qərarında təsbit olunmuş sürücülərin Peşəkarlıq Səriştəsi ilə bağlı hazırlığın keçirilməsi üzrə tədris proqramları ABADA-da uğurla həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə imzalanmış Memoranduma əsasən, "İcazə" blanklarının bölgüsünün aparılması üçün təşkilatı texniki işlər, informasiya bazasının formalaşdırılması, proqram təminatının təkmilləşdirilməsi və saxlanması üzrə öhdəliklər ABADA tərəfindən yerinə yetirilib. Dövlət Gömrük Komitəsi ilə elektron əmtəə-nəqliyyat qaiməsinin (e-SMR) və elektron Karnet-TIR (e-TİR) kitabçalarının tətbiqi, eyni zamanda, BYD kitabçasının rəqəmsallaşdırılması, NCTS platforması üzərində T1 təminat sənədinin tətbiqi ABADA-nın uğurlarındandır. ABADA-nın mütəmadi olaraq daşıyıcılarının menafelərinin qorunması üçün verdiyi təklifləri nəzərə alaraq, cari ildə “Gömrük Məcəlləsi”, “Vergilər Məcəlləsi”, “Dövlət rüsumu haqqında“ normativ–hüquqi sənədlərdə edilən əlavələr və dəyişikliklər, ABADA-nın nailiyyəti hesab edilir. Avtomobil daşımaları üzrə beynəlxalq təşkilatlar olan İRU, BSEQ–URTA, TRACECA və digərləri ilə Azərbaycan avtodaşıyıcılarının inkişafı ilə bağlı aparılan işlər davam etdirilir.
- Azərbaycan beynəlxalq daşımalar sahəsində hansı ölkənin təcrübəsini öyrənir və beynəlxalq daşımaların potensialının artırılması üçün Azərbaycan təcrübəsindən yararlanan ölkələr varmı?
Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının sərhəd məntəqələrindən buraxılan malların və nəqliyyat vasitələrinin yoxlanılmasında bir pəncərə prinsipi” tətbiq edilib. Belə ki, xarici ölkələrin daşıyıcıları və yerli daşıyıcılar ölkəmizə daxil olarkən sərhəd məntəqələrində yerləşən fitosanitar, baytarlıq, nəqliyyat, sığorta və s. yoxlamalardan ayrı-ayrılıqda deyil, bütün sərhədləri bir pəncərədən təhvil verərək yoxlanılır və nəqliyyat vasitələri qısa müddət ərzində sərhədi keçirlər. Bu təcrübə Azərbaycan ilə qonşu olan Gürcüstan, Rusiya və digər ölkələrdə sonradan tətbiq edilib. Hazırda dünya ölkələrinin 70 faizi bu prinsipi tətbiq edib. Nəticədə əvvəllər sərhəd-keçid prosedurlarına ayrılan 3-4 saat indi 25 dəqiqəyə enib. Gözləmələr, vaxt itkisi, əlavə xərclər aradan qaldırılıb.
Bundan əlavə, ölkə Prezidentinin digər sərəncamı ilə sərhəd-keçid məntəqələrində ixrac məhsullarının daha tez təyinat məntəqəsinə çatdırılması üçün “Yaşıl dəhliz” zolağının tətbiqi, xarici ölkələr tərəfindən bizim təcrübəmizdən yaralanaraq tətbiq edilib. Eyni zamanda, nəqliyyat vasitəsi sərhəd məntəqəsinə çatmamış əmtəə-nəqliyyat qaiməsi və digər sənədlər gömrük orqanlarına onlayn rejimdə göndərilir və bu prosedur Azərbaycanda xarici ölkələrə nisbətən tez tətbiq edilib.
– Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutu üzrə yük axınının davamlı olması və bu yükdaşımalarının həcminin artırılması üçün ABADA tərəfindən hansı işlər görülür?
Beynəlxalq avtomobil daşımaları fəaliyyətinin asanlaşdırılması üçün ABADA 2024-cü ildə öz fəaliyyətini bu istiqamətdə davam etdirəcək. Milli avtodaşıyıcılarımızın xarici ölkələrin avtonəqliyyat xidmətləri bazarında xüsusi çəkilərinin artırılması, onların xarici ölkələrin daşıyıcıları ilə münasibətdə rəqabətlilik qabiliyyətlərinin yüksəldilməsi, daşımalar prosesində yaranan süni maneələrin aradan qaldırılması məqsədilə, yeni layihələr və təkliflər üzərində işlərimizi artıracağıq. Əsas diqqəti “Şərq-Qərb”, “Şimal-Cənub” TRACECA və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və həmin dəhlizlərin rəqəmsallaşdırılması məqsədilə yeni layihələrə yönəldəcək, elektron əmtəə-nəqliyyat qaiməsi (e-SMR) elektron Kanet-TIR (e-TİR) tətbiqinin genişləndirilməsi üçün çalışacağıq. Həmçinin Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığı daha da intensivləşdirəcəyik. Azərbaycanda, Xəzər dənizi regionunda nəqliyyat və logistikanın inkişafı üçün hazırlanan layihələrin həyata keçirilməsi məqsədilə səlahiyyətlərimiz daxilində tədbirlər görüləcək.
– Zamanla beynəlxalq daşımalarda iştirak edən Azərbaycana məxsus TIR-ların bəzən müxtəlif səbəblərdən gömrük-keçid məntəqəsində növbələrdə qaldığının şahidi olmuşuq. ABADA bu problemlərin qarşısını almaq üçün hansı addımlar atır?
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axınının davamlı olması üçün ABADA tərəfindən ardıcıl işlər görülür. Bildiyiniz kimi, Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu Orta Dəhliz kimi də adlandırılır. Çin Xalq Respublikasını Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz, Türkiyə vasitəsilə birləşdirən və Şimal marşrutuna (Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa) alternativ olan multimodal nəqliyyat dəhlizidir. Dəhliz Çin və Qazaxıstan sərhədindən başlayaraq, Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya, Qara dəniz vasitəsilə Ukraynaya, Bolqarıstan və Rumıniyaya qədər uzanır. Hazırda Rusiya və Ukrayna arasında davam edən münaqişə ilə bağlı tətbiq edilən sanksiyalar nəticəsində Şimal marşrutunda yaranmış çətinliklər, Orta Dəhlizin əhəmiyyətini xeyli artırıb. Orta Dəhliz üzrə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, ÇXR və Polşanın dövlət və özəl müəssisələrinin tərəfdaşlığı ilə fəaliyyət göstərən Orta Dəhliz üzrə yüklərin rahat, təhlükəsiz daşınması təmin edilir. ABADA sərhəd məntəqələrində növbələrin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi ilə mütəmadi görüşlər keçirir. Bunun nəticəsidir ki, DGK tərəfindən sərhədlərdə elektron növbə sistemi yaradılıb. Növbəsi çatan nəqliyyat vasitəsinə SMS ilə məlumat verilir və maşın keçidə yaxınlaşır. Eyni zamanda, sürücülər onlayn rejimdə sərhəd məntəqələrində növbələri izləyə bilirlər. Artıq sərhədlərdə uzun növbələr müşahidə edilmir.
–ABADA-nın 2024-cü ildə plan və hədəfləri nələrdir?
ABADA Orta Dəhliz üzrə yük axınının davamlı olması üçün tədbirlər həyata keçirir. Qeyd etmək istəyirəm ki, oktyabrın 26-27-də ABADA-nın təklifi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Assosiasiyalarının Konfederasiyası (BSEQ-URTA) Baş Assambleyasının 42-ci Sessiyası Bakı şəhərində keçirilib. Sessiyada 15-dən artıq xarici ölkənin assosiasiyalarının rəhbərləri, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) prezidenti və baş katibi iştirak ediblər. Sessiyada müzakirə olunan digər məsələlərlə yanaşı Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutunun səmərəliliyi və effektivliyi qeyd edilib. Yük axınlarının davamlı olması məqsədilə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. ABADA Orta Dəhlizin inkişafı üçün səlahiyyətləri daxilində işlərin görülməsini davamlı həyata keçirəcək.