IRU: "Orta Dəhlizə üzv ölkələr infrastrukturlarını genişləndirməlidirlər"

1 Noyabr 2023 - 09:24

Hazırda Orta Dəhlizdəki (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrut) yük axınının davamlı olması üçün üzv ölkələr infrastrukturlarını genişləndirməlidirlər.

Bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Prezidenti Radu Dinesku bildirib.

“Hazırda Orta Dəhlizə marağın, dəhlizlə yük axınının artdığını müşahidə edirik. Lakin əsas məsələ dəhlizə üzv ölkələrin yük axınını idarə etməsindən, yükün sərhəd-keçid məntəqələrində rahat keçməsindən, limanlara daxil olan yükün qısa müddətdə aşırılmasından, dəmir yolları infrastrukturunun yük axınına cavab verməsindən asılıdır. Yüklər Orta Dəhlizlə daha sürətli, təhlükəsiz daşınarsa, şirkətlər ondan istifadə edəcəklər", - deyə o qeyd edib.

R.Dinesku deyib ki, Azərbaycan nəqliyyat infrastrukturunu genişləndirir, lakin Orta Dəhlizin potensialının artması yalnız Azərbaycandan asılı deyil: "Dəhlizə üzv olan ölkələr buna uyğun addımlar atmalıdırlar. Onlar bu məsələdə Azərbaycanın təcrübəsindən yararlana bilərlər. Ümumiyyətlə, Orta Dəhlizdə elektron TIR sistemi və ECMR sistemi tətbiq edilərsə sərhədlərdə gözləmə vaxtını azaltmaq, daha çox yük daşımaq olar”.

IRU prezidenti Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyası (URTA) Baş Assambleyasının 42-ci iclasının çərçivəsində Bakı Limanında olduğunu xatırladıb: “Biz orda infrastrukturla tanış olduq. Azərbaycan Sinqapur limanında çalışmış şəxsi öz limanına cəlb edib. Bu xarici təcrübənin öyrənilməsi baxımından mühüm işdir. Azərbaycanın nəqliyyat infrastrukturu mükəmməldir. Lakin bu, kifayət deyil. Çünki hazırda yüklər artır. Asiya və Avropa arasında yükdaşımanın vaxtı azalarsa, bu halda daha çox yük gələcək. Azərbaycanın ticarət və nəqliyyatı daha da asanlaşdırmaq üçün əlavə tədbirlər görməlidir”.

Onun fikrincə, bu tədbirlər sərhədi keçmək, limana vaxtında daxil olmaq və yaxud da limandan vaxtında çıxmaqla bağlı tədbirlər ola bilər: " Dünyada sürücülərin hazırda üzləşdikləri əsas problem sərhəddə gözləməkdir. Səfər müddətinin 40 %-ni məhz sərhəddə gözləmək təşkil edir. Bu isə ticarət və ümumilikdə iqtisadiyyat üçün yaxşı hal deyil. Biz IRU olaraq yüklərin daşınma müddətini azaltmaqda elektron TIR, ECMR sistemləri vasitəsilə hökumətə kömək etməyə çalışırıq. Hökumətlər dövlət-özəl tərəfdaşlığı üçün açıq olmalıdırlar. Bu isə yüklərin daha sürətli və təhlükəsiz daşınmasına imkan verəcək. Sürücülərin sərhədlərdə çox gözləməsinin səbəbini yalnız bir ölkədə axtarmaq lazım deyil. Əsas məsələ ölkələr arasında qarşılıqlı əməkdaşlığın olmasıdır. Məsələn, Azərbaycan müasir infrastruktura malik liman inşa edib, lakin Xəzər dənizinin digər tərəfində sərhədlərdə gözləmə, limanlarda gec yüklənmə olarsa Azərbaycan yatırdığı investisiyalardan bir o qədər mənfəət əldə etməyəcək. Yəni, nəqliyyatın bütün halqaları eyni təşəbbüsü irəli sürməlidirlər”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “Vahid pəncərə” prinsipi tətbiq olunur.