Cari ilin 29 sentyabr tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclası onlayn formatda keçirilmişdir.
Görüş zamanı iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıyıcılarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran aktual məsələlər ətraflı müzakirə edilmişdir. Tərəflər avtomobil nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluq duyduqlarını ifadə edərək, son dövrdə beynəlxalq yük daşımalarının həcmində əhəmiyyətli artımın müşahidə olunduğunu xüsusi vurğulamışlar.
Yük daşımalarının fasiləsiz və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə əlavə tədbirlərin görülməsinin vacibliyi qeyd olunmuşdur. İclasın ən mühüm nəticələrindən biri kimi, Rusiya Federasiyası ilə mübadilə edilən icazə blanklarının elektronlaşdırılması istiqamətində "e-permit" sisteminin tətbiqi məqsədəuyğun hesab edilmişdir ki, bu da daşıyıcılar üçün əlavə rahatlıq yaradacaqdır.
Tədbir çərçivəsində, həmçinin daşıyıcıların qarşılaşdıqları mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
İclas dostluq və qarşılıqlı anlaşma şəraitində yekunlaşmışdır.