Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasında (ABADA) Milli Mətbuat və Jurnalistika Günü, həmçinin qurumun 6 aylıq fəaliyyəti ilə bağlı jurnalistlərlə görüş keçirilib.
ABADA-nın baş katibi Kənan Qurbanov media nümayəndələrini təbrik edərək qurumun keçdiyi tarixə nəzər salıb. Təşkilatın 30 ildən artıq müddətdir ki, fəaliyyət göstərdiyini xatırladan baş katib ABADA-nın fəaliyyətinin əsas prioritet istiqamətlərindən danışıb. Baş katib qeyd edib ki, ABADA və tərəfdaş qurumların həyata keçirdiyi layihələr nəticəsində beynəlxalq yük daşımalarının (BYD) həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% artım əldə olunub.
Sənədləşmənin Rəqəmsallaşdırılmasına toxunan K. Qurbanov qeyd edib ki, artıq Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstan ilə elektron "İcazə" blanklarının tətbiqinə başlanılıb, tezliklə Rusiya və Gürcüstan da bu sistemə qoşulacaq. Həmçinin, Türkmənistan ilə birgə e-TIR, eləcə də DGK və IRU ilə e-CMR tətbiqi layihələri icra olunur.
Beynəlxalq Əməkdaşlığa gəlincə, BSEQ-URTA və TDT-URTA çərçivəsində əlaqələr genişləndirilib, Azərbaycanın Qazaxıstan, Monqolustan, Çin Xalq Respublikası və Gürcüstan ilə Qarışıq Komissiyalarının işində aktiv iştirak olunub. Həmçinin ÇXR-in logistika nümayəndə heyəti ilə görüşlər keçirilib, ABADA, Dövlət Gömrük Komitəsi və TÜİB arasında üçtərəfli biznes dialoqu təşkil edilib.
K. Qurbanov bütün tədbirlərin Ölkə Başçısının “Qeyri-neft-qaz məhsullarının ixracının təşviqi və daşıma xərclərinin dəstəklənməsi barədə” Fərmanına uyğun olaraq həyata keçirildiyini xüsusi vurğulayıb.