İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək

10 İyun 2026 - 12:17

Bu gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsi hesabına ixrac daşıma dəstəyi ödəniləcək. Dəstəyin məbləği ixrac edilən malın növündən, gömrük dəyərindən, ixrac olunduğu ölkədən və istifadə edilən nəqliyyat növündən asılı olaraq müəyyənləşdiriləcək.

Sənədə əsasən, dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, eləcə də Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirilən daşımalar üzrə nağdsız qaydada ödənilmiş daşıma xərclərinin 70 faizi kompensasiya olunacaq. Daşıma Azərbaycanda qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə isə bu göstərici 50 faiz təşkil edəcək.

Eyni zamanda, ixrac daşıma dəstəyi hesablanarkən malın gömrük dəyəri üzrə limitlər də tətbiq ediləcək. Avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşımalar zamanı dəstək ixrac edilən malın gömrük dəyərinin 15 faizindən, dəniz nəqliyyatı ilə daşımalar zamanı isə 5 faizindən çox olmayacaq. Yekun dəstək məbləği bu iki hesablamadan ən aşağı olanı əsasında müəyyən ediləcək.


Fərmanla Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması da dəstəklənəcək. Bu halda daxili daşıma dəstəyi nağdsız qaydada ödənilmiş nəqliyyat xərclərinin 70 faizi həcmində olacaq.

Hökumət üç ay müddətində qeyri-neft-qaz mallarının Azərbaycan mənşəli olmasının müəyyən edilməsi qaydasını, həmçinin dəstəyin şamil edilməyəcəyi əməliyyatların və şəxslərin siyahısını təsdiqləməlidir.

Fərmanın əsas müddəaları 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək. Dəstək mexanizmi 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara tətbiq olunacaq və 2036-cı il dekabrın 31-dək qüvvədə olacaq.

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı