Türkiyə və Azərbaycan İş Adamları Gömrük Rəsmiləri ilə Görüşdü

23 May 2026 - 12:57

Mayın 22-də Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İdarə heyətinin sədri Həbib Həsənov, ölkədə fəaliyyət göstərən avtomobil daşıyıcıları şirkətlərinin rəhbərləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında keçirilən açıq dialoq platformasında iştirak edib. 

Tədbirin əsas məqsədi dövlət-biznes tərəfdaşlığının gücləndirilməsi, iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artırılması, gömrük rəsmiləşdirilməsi proseslərinin daha da sürətləndirilməsi və logistika zəncirində yaşanan regional çağırışların qarşılıqlı müzakirəsi olub.

Tədbir çərçivəsində beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin qarşılaşdıqları cari məsələlər, sərhəd-keçid məntəqələrində prosedurların optimallaşdırılması, "Yaşıl dəhliz" buraxılış sistemindən daha səmərəli istifadə və rəqəmsal gömrük həlləri barədə ətraflı fikir mübadiləsi aparılıb.