18 may 2026-cı il tarixində Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) İdarə heyətinin növbəti iclası keçirilib. Iclasda əsas müzakirə mövzularından biri Bakı şəhərinin ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhər infrastrukturu, ekoloji təmiz mobillik və intellektual nəqliyyat sistemlərinin qurulması qlobal miqyasda müzakirə olunması olub. Assosiasiyanın prezidenti Həbib Həsənov qeyd edib ki, müasir dünyada şəhərlərin ekoloji təhlükəsizliyi və rəqabətqabiliyyətliliyi birbaşa olaraq onların logistik magistrallarla və tranzit qovşaqları ilə necə sinxronizasiya olunmasından asılıdır. WUF13-ün əsas çağırışlarına uyğun olaraq, ABADA ölkəmizin beynəlxalq tranzit potensialını gücləndirərkən ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi istiqamətində strateji addımlar atır. ABADA regional ticarət və nəqliyyat dəhlizlərində effektivliyin artırılması üçün rəqəmsal alətlərin tətbiqini sürətləndirir. Assosiasiya tərəfindən genişləndirilən e-TIR və e-CMR (elektron əmtəə-nəqliyyat qaiməsi) təşəbbüsləri həm kağız dövriyyəsini tamamilə sıradan çıxarır, həm də sərhəd-keçid məntəqələrində iritonnajlı nəqliyyat vasitələrinin gözləmə müddətini minimuma endirir ki, bu da WUF13-ün ekoloji dayanıqlılıq hədəfləri ilə tam üst-üstə düşür. H. Həsənov həmçinin bildirib ki, ABADA yerli və beynəlxalq tərəfdaşları ilə birlikdə, nəqliyyat operatorlarının bu yeni ekoloji standartlara və şəhərdaxili hərəkət məhdudiyyətlərinə uyğunlaşması üçün maarifləndirmə və infrastruktur layihələrini dəstəkləyir.
İclasda həmçinin Qazaxıstanın paytaxtı Astanada TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik toplantısında imzalanan Vahid Tranzit İcazəsi Sazişi də müzakirə olunub. Bildirilib ki, sənəd iştirakçı dövlətlərin daşıyıcıları üçün digər üzv ölkələrin ərazilərindən tranzit keçidlər zamanı tələb olunan tranzit icazələrinin sayının azaldılmasına xidmət edəcək. Belə ki, bir tranzit daşınması üzrə bir neçə ölkə üçün ayrıca icazənin alınmasına ehtiyac aradan qaldırılacaq və prosedurlar optimallaşdırılacaq.
Sonda 2026-cı ilin strateji planına uyğun olaraq, stateji planlar ətrafında fikir mübadiləsi aparılıb.