Transxəzər nəqliyyat marşrutu və rəqəmsal logistika: Regional İşçi Qrupun 5-ci iclası keçirilib

23 Aprel 2026 - 16:20

Bu gün Mərkəzi Asiya və region ölkələrini birləşdirən Regional İşçi Qrupun (RWG) 5-ci onlayn iclası öz işinə başlayıb. Onlayn formatda keçirilən görüşdə Transxəzər dəhlizinin inkişafı, yükdaşımaların rəqəmsallaşdırılması və regional logistik infrastrukturun gücləndirilməsi kimi mühüm məsələlər müzakirə olunub.

Tədbirə Mərkəzi Asiya TLP-nin sədri Larisa Kislyakova və EasTnT Azərbaycan nümayəndələri moderatorluq edib.

Əsas istiqamətlərdən biri Qazaxıstanda yük avtomobilləri üçün tətbiq edilən "CarGoRuqsat" elektron növbə sisteminin müzakirəsi olub. Qazaxıstanın nəqliyyat rəsmiləri sistemin üstünlükləri, səmərəliliyi və transsərhəd keçidlərdə yaratdığı imkanlar barədə təqdimat ediblər. 

Ermənistan nümayəndələri isə artan yük axınlarını dəstəkləyən logistik infrastrukturun zəruriliyini vurğulayıblar. Həmçinin, erməni daşıyıcılarının sərhəddə üzləşdiyi problemlər və onların aradan qaldırılması yolları müzakirə mövzularından olub.

İclasda həmçinin nəqliyyat sektorunda inklüziv yanaşmaların tətbiqi və Transxəzər dəhlizinin dayanıqlılığı üçün qadın liderliyinin rolu müzakirə edilib. 
Sonda qarşıdan gələn Leypsiq (Almaniya) toplantısına hazırlıq işləri və Regional İşçi Qrup  RWG-nin növbəti addımları müəyyənləşdirilib.