Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) kollektivi ağır itki ilə üzləşmişdir. Assosiasiyanın TIR şöbəsinin rəhbəri, peşəkar mütəxəssis və səmimi insan Vüqar Asəf oğlu Nağıyev ömrünün müdrik çağında vaxtsız vəfat etmişdir.
Vüqar Nağıyev fəaliyyəti dövründə Azərbaycanın beynəlxalq yükdaşımaları sahəsində, TIR sisteminin tətbiqi və inkişafında böyük xidmətlər göstərmişdir. O, öz işinə olan məsuliyyəti, yüksək idarəçilik qabiliyyəti və həmkarlarına qarşı göstərdiyi qayğıkeş münasibəti ilə kollektivin sonsuz rəğbətini qazanmışdı.
Onun itkisi təkcə ABADA ailəsi üçün deyil, həm də ölkəmizin nəqliyyat və loqistika sahəsində çalışan mütəxəssislər üçün böyük bir boşluqdur. Vüqar müəllimin parlaq xatirəsi, onun xeyirxah əməlləri və peşəkar irsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
ABADA rəhbərliyi və kollektivi mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!