Silsilə görüşlər davam edir

29 Yanvar 2026 - 17:51

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənovun tapşırığına əsasən, ölkədə beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə qurumun İdarə Heyətinin üzvləri və rəhbərliyi arasında keçirilən mütəmadi görüşlər davam etdirilir.

Bu çərçivədə növbəti görüş 29 yanvar 2026-cı il tarixində keçirilmişdir. Görüşdə beynəlxalq avtomobil daşımaları ilə məşğul olan avtodaşıyıcıların xarici ölkələrdə üzləşdikləri problemlər dinlənilmiş, mövcud vəziyyət ətrafında geniş müzakirələr və analitik təhlillər aparılmışdır.

Daşıyıcıların fəaliyyətinin asanlaşdırılması, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, habelə onların hüquq və qanuni mənafelərinin qorunması məqsədilə konkret təkliflər hazırlanmış və ümumiləşdirilmişdir.

Görüşün yekunları aidiyyəti üzrə baxılması və müvafiq tədbirlərin görülməsi üçün səlahiyyətli dövlət qurumlarına təqdim edilir.

ABADA beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyət göstərən daşıyıcılarla açıq dialoqun davam etdirilməsini və sahənin inkişafına yönəlmiş tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsini prioritet hesab edir.