Bu gün Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub.
1982-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurub. 1988–1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.
1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva eyni zamanda Heydər Əliyev Fonduna rəhbərlik edir. Fondun rəsmi açılışı 2004-cü il mayın 10-da baş tutub.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması və inkişafı sahəsindəki fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2005-ci ildə keçirilmiş sosioloji sorğuya əsasən “İlin qadını” seçilib. Həmin il fəlsəfə elmləri namizədi elmi dərəcəsini alıb.
2006-cı il noyabrın 24-də sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil və islam aləmində görülən işlərə verdiyi dəstəyə görə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 14 saylı Xəzər ikinci seçki dairəsindən 94,49 % (31 797 səs) səslə deputat seçilib.
2013-cü il iyunun 7-də YAP-ın sədr müavini vəzifəsinə seçilib.
2014-cü ilin iyun ayında Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva mədəniyyət, təhsil, səhiyyə və idmanın inkişafındakı xidmətlərinə, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda təbliğinə və birinci Avropa Oyunlarının təşkilindəki böyük roluna görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
2015-ci ildə növbəti dəfə eyni dairədən deputat seçilən Mehriban Əliyeva bu dəfə 96,7 % (38 029 səs) səs toplayıb.
2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafındakı xüsusi xidmətlərinə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə qurumun ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub. Bu təyinatla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisdəki deputat səlahiyyətlərinə xitam verilib.
2019-cu il avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edilib.
2021-ci il martın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
Mehriban Əliyeva Vətən müharibəsindən sonra Prezident İlham Əliyevlə birgə mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir, bir çox açılış və təməlqoyma mərasimlərində iştirak edir, həmçinin bir sıra tarixi abidələrin bərpasına töhfə verir.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və humanist, xeyirxah fəaliyyətində uğurlar arzulayırıq.