İyulun 2-də Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Xalqımızın ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilali və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Polisin fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm” ifadəsi Azərbaycan polisinin xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinə verilən ən yüksək qiymət olmaqla onların işinə yeni stimul verir.
ABADA 2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə, bütün polis işçilərini təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır, onların bundan sonra da xidməti vəzifələrinin yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirəcəklərinə əminliyini ifadə edir.