Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) beynəlxalq daşımalarda iştirak edən milli şirkətlərin nümayəndələrinin bir araya gəldiyi növbəti tədbirin təşkilatçılığını üzərinə götürüb.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində daşıyıcı şirkətlərin səlahiyyətli nümayəndələri ilə baş tutan görüşdə Dövlət Gömrük Komitəsi rəhbərliyi də iştirak edib. Gömrük-biznes dialoqu çərçivəsində baş tutan tədbirə ABADA ilə yanaşı Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası, o cümlədən 40-dan çox daşıyıcı şirkətin rəhbəri və səlahiyyətli nümayəndəsi də qatılıb.
Görüşdə gömrük qanunvericiliyi barəsində daşıyıcı şirkətlər məlumatlandırılıb və daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb. Tədbirdə daşıyıcı şirkətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə mütəmadi olaraq görüşlərin keçiriləcəyi də diqqətə çatdırılıb, həmçinin əvvəlki görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində atılan addımlarla bağlı məlumat verilib.
O cümlədən beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə aid məlumatların öncədən təqdim olunması yolu ilə ticarətin asanlaşdırılmasının və təhlükəsizliyin təmin edilməsinin gömrük orqanları qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi vurğulanıb.
Daha sonra “Daşıyıcı institutunun inkişaf etdirilməsi” mövzusunda təqdimat nümayiş etdirilib.
Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
ABADA-nı qurumun Baş Katibi Kənan Qurbanov və müavini Hidayət Aslanov təmsil edib.