Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) beynəlxalq daşımalarda iştirak edən milli şirkətlərin nümayəndələri ilə görüşdə iştirak edib. Görüş Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində baş tutub. Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan görüşdə DGK-nın, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının və 40-dan çox daşıyıcı şirkətlərin səlahiyyətli nümayəndələri iştirak edib.
Məqsəd gömrük-biznes dialoqu çərçivəsində gömrük qanunvericiliyi barəsində daşıyıcı şirkətlərin məlumatlandırılması və daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində planlaşdırılan layihələr üzrə birgə müzakirələrin aparılması olub.
Tədbirdə beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunması yolu ilə təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Gömrük Məcəlləsinin 131-ci maddəsinin tələblərinə əsasən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanının müəyyən etdiyi qaydada və formada ilkin məlumatları əvvəlcədən gömrük orqanlarına təqdim etməlidir.
Daha sonra “Daşıyıcı institutunun inkişaf etdirilməsi” mövzusunda təqdimat nümayiş etdirilib, sözügedən mövzu ilə bağlı müzakirələr aparılıb.
Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
ABADA-nı tədbirdə qurumun Baş Katibi Kənan Qurbanov və müavini Hidayət Aslanov təmsil edib.