Xocalı faciəsi Azərbaycan və dünya tarixində insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biri hesab olunur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətdilər. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edildi, dinc sakinlərə amansızcasına divan tutuldu. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildi. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyuldu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edildi. 487 dinc Xocalı sakini ağır yaralandı və 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Faciəyə ilk hüquqi qiymət isə ümumilli lider heydər Əliyev tərəfindən verilib. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edərək, dünya dövlətlərinə qətliamın gerçək niyyətlərini açıqladı. Bu iş Prezident İlham Əliyevin xarici siyasətinin bir hissəsini təşkil edir. İndiyə qədər dövlət başçısının səyləri ilə soyqırım faktı dəfələrlə ali tribunalarda səsləndirilib, insanlığın utanc tarixi olduğu diqqətə çatdırılıb. Məhz bunun sayəsində dünya ictimaiyyəti qətliamı saoyqırım kimi tanıyıb. Təkcə ABŞ-nin 20-dən artıq ştatı faciəyə hüquqi qiymət verib. Sağalmayan Xocalı yaramızın məlhəmi isə tarixi Zəfərimiz oldu. Soyqırımının qan yaddaşımıza çevrilməsi Vətən müharibəsində düşmən üzərinə atılan Azərbaycan əsgərlərinin döyüş əzmini daha da gücləndirdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, bu münaqişə beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun tarixi Qələbəsi ilə öz həllini tapdı. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə düşmən "Dəmir yumruq” əməliyyatı ilə darmadağın edildi və doğma Qarabağımızı 28 illik əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından bir neçəsi məhv edildi, bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır.
Qrafika: Gülnarə Nəsibova