Azərbaycanda nəqlliyyat-logistika sektorunun aparıcı qüvvəsinə çevrilən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, qurumun işi bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bir daha dəyərləndirilib. Nazir Rəşad Nəbiyev ABADA-nın müşaviri Orxan Əfəndiyevi ABADA-nın yaranmasının 30 illiyi və beynəlxalq avtomobil daşımalarının inkişafında çoxillik fəaliyyətinə görə Təşəkkürnamə ilə mükafatlandırıb.
Əfəndiyev Orxan İsmayıl oğlu 18 iyun, 1939-cu ildə Bakı şəhərində anadan olub. 1957-1961-ci illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. 1961-ci ildən indiyə qədər avtomobil nəqliyyatı sahəsində çalışır.
1961-1964-cü illərdə Alma-Atada (Qazaxıstan) taksi mexaniki və Avtomobil Nəqliyyatı Nazirliyinin Tədris Mərkəzində müəllim kimi çalışıb. 1964-1984-cü illərdə Bakıda Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyi sistemində ona müxtəlif vəzifələr həvalə olunub: mühəndis, Nazir yanında Müfəttişliyin böyük inspektoru, avtomobil müəssisəsinin baş mühəndisi, İnformasiya-hesablama Mərkəzinin direktor müavini.
1984-1997-ci illərdə Bakıda “Sovtransavto” sisteminin “Sovavto-Bakı” beynəlxalq yükdaşımaları üzrə avtonəqliyyat müəssisəsində müxtəlif vəzifələrdə işləyib: istismar şöbəsinin rəis müavini, istismar şöbəsinin rəisi, avtomobil müəssisəsinin rəis müavini.
10 oktyabr 1997-ci ildən 4 may 2022-ci il tarixədək isə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş katibi vəzifəsini tutub. Hazırda ABADA-da müşavir vəzifəsində çalışır.
ABADA olaraq, Orxan müəllimə möhkəm can sağlığı və nəaliyyətlər arzu edirik!