ABADA ağırtonnajlı yük maşınlarının Bakıda törətdiyi təxribat xarakterli hərəkətləri pisləyir

17 Fevral 2022 - 11:29

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) 17.02.2022-ci tarixində “R Group Azerbaijan” MMC-yə məxsus ağırtonnajlı yük maşınlarının Bakı şəhəri Heydər Əliyev prospektində törətdiyi təxribat xarakterli hərəkətləri pisləyirib. Assosasiya daşıyıcı şirkətin addımını ictimai asayişi pozmağa cəhd kimi qiymətləndirib: “Bu hərəkəti birliyimizin də işgüzar nüfuzuna xələl gətirən addım hesab edirik. Qeyd etmək istəyirik ki, “R Group Azerbaijan” MMC-nin təmsilçisi olan Cəfərov Rəmiş Zəkrəm oğlunun dövlət orqanının işinə qeyri-qanuni maneələr yaratması ilk belə hal deyil. “R Group Azerbaijan” şirkəti beynəlxalq yükdaşımalarla məşğul olduğu dövrdə dəfələrlə beynəlxalq daşıma qaydalarını pozmuş, şirkətin qanunsuz hərəkətləri ilə bağlı xarici ölkələrin aidiyyəti qurumlarından Azərbaycan tərəfinə çoxsaylı şikayət və cərimələr daxil olub”.

ABADA-nın vəzifəsi daşıyıcıların birliyi olaraq, bu sahədə çalışan bütün şirkət və sürücülərin hüquqlarının qorunması, onların qarşılaşdığı problemlərin həllində vasitəçi olmaqdır. Eyni zamanda İB Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsinin inkişafı üçün xidmətlər göstərir: “R Group Azerbaijan” MMC-nin sadalanan hüquqazidd əməlləri ilə bağlı ABADA-nın idarə heyəti tərəfindən iradlar bildirilib, MMC rəhbərliyi ilə dəfələrlə profilaktik söhbətlər aparılıb, problem və qayğıları ilə maraqlanılıb.

Bütün bunlara baxmayaraq, ötən müddət ərzində Cəfərov Rəmiş Zəkrəm oğlunun təmsilçisi olduğu “R Group Azerbaijan” MMC-nin istifadəsində olan nəqliyyat vasitələri ilə bir neçə dəfə oxşar əməllər yenidən cəhd edib.

İctimai asayişi pozduğu, dövlət orqanının normal iş fəaliyyətinə çətinliklər yaratdığı üçün bir neçə dəfə inzibati formada xəbərdarlıq edilib.

Törətdiyi hüquqazidd hərəkətlərə görə, onun barəsində görülən inzibati tənbeh tədbirlərinə məhəl qoymayan R.Cəfərov əməllərinə yenidən davam edib. Bu ilin yanvar məhkəmənin qərarı ilə onun barəsində 15 sutkalıq inzibati həbs qərarı verilib.

Adı çəkilən şirkət və onun rəsmisinin “İcazə” blankları ilə bağlı ittihamları isə əsassızdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ABADA arasında imzalanan memorandumdan irəli gələrək avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın bölgüsü ABADA-nın nəzdində xüsusi komissiya icra edir. Atılan bu addımın əsas məqsəd şəffaf və ədalətli bölgünün aparılması, bazarda rəqabətli mühitin yaradılmasıdır. İctimai iştirakçılıq haqqında qanunun tələblərinə uyğun olaraq bu memorandumdan irəli gələn bütün addımlar atılıb.

Daşıyıcılar-sahibkarlar arasında bölgü prosesinin icrası zamanı dövlət qurumunun nəzarəti ilə yanaşı, daşıyıcıların və müstəqil ekspertin də prosesə nəzarət və müdaxilə səlahiyyəti var. Bu qərar dövlət qurumunun lokal heyəti ilə icra edilmir. Dövlət ilə sahibkarların bir-birini yaxından anlamaları, problemlərin həllində birgə iştirak, təşəbbüslərin və təkliflərin ötürülməsində birbaşa kommunikasiyanın qurulması baxımından bu memorandum digər əməkdaşlıq sahələri üçün də baza rolunu oynayır.

Sadalanan faktlara əsaslanaraq, “R Group Azerbaijan” MMC ABADA-nın Nizamnaməsini kobud şəkildə pozmasına, Birliyin işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsinə, yalan məlumatlar yayılmasına görə 10 yanvar 2022-ci il tarixində “R Group Azerbaijan” şirkəti nizamnamənin tələbləri əsasında ABADA üzvlüyündən çıxarılıb”.

Qeyd edək ki, ABADA İctimai Birliyi könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi şəxsidir. ABADA 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ölkə ərazisində “Beynəlxalq yükdaşımaları haqqında” 1975-ci il Gömrük Konvensiyası üzrə təminat orqanı olaraq müəyyən edilib. Birlik Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların 30 ilə yaxın təcrübəyə malik yeganə assosiasiyasıdır.