Hörmətlə anırıq

15 Yanvar 2024 - 10:18

Bu gün Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) fəxri prezidenti, avtomobil nəqliyyatı sahəsində müstəsna xidmətləri olan Tofiq Nurullayevin anım günüdür.  Beynəlxalq avtomobil nəqliyyatı daşımaları sahəsində peşəkar mütəxəssis olan T. Nurullayev 2021-ci il yanvar ayının 15-də 83 yaşında dünyasını dəyişib.

Əmək fəaliyyətinə 1960-cı ildə başlayan səriştəli nəqliyyatçı uzun illər avtomobil nəqliyyatı sahəsində çalışıb. Azərbaycanda beynəlxalq avtomobil nəqliyyatı daşımalarının inkişafında xüsusi rolu olan bacarıqlı mütəxəssis 1973-cü ildə Beynəlxalq Avtomobil Daşımaları Avtokolonunun rəisi vəzifəsinə irəli çəkilib. Bu vəzifəni 1978-ci ilə qədər icra edən T. Nurullayev ötən əsrin 80-ci illərində “Sovavto-Astara” beynəlxalq yükdaşımaları avtoparkının rəisi, 1980-82-ci illərdə Əfqanıstanın Məzari-Şərif şəhərində “Sovtransavto” Baş İdarəsinin müvəkkili, 1982-83-cü illərdə “Sovavtotranzit” birliyinin rəis müavini, 1983-cü ildə Astara şəhərində “Sovavto-Astara” avtonəqliyyat müəssisəsinə yenidən rəsi vəzifəsinə təyin edilərək 1986-cı ilə qədər bu vəzifəni icra edib.

1993-cü ildə ABADA-nın yaradılmasında yaxından iştirak edən mütəxəssis artıq 1996-cı ildə yeni yaradılan təşkilatı Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul etdirə bilir. 2019-cu ilə qədər ABADA-nın prezidenti, 2019-cu ildən isə fəxri prezidenti olaraq fəaliyyət göstərən T. Nurullayevin xidmətləri İRU Baş Assambleyasında dəfələrlə vurğulanıb və Fəxri Fərmanla təltif edilib.

Geosiyasi cəhətdən kifayət qədər həssas və strateji bölgə olan Azərbaycanın beynəlxalq nəqliyyat daşımaları sahəsində həm milli, həm də beynəlxalq maraqları nəzərə alınarsa, İRU tərəfindən göstərilən təşəbbüslərdə yaxından iştirak və əməkdaşlığın inkişafı məhz onun adı ilə bağlıdır.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzv ölkələri çərçivəsində Avtomobil Nəqliyyatı ilə Daşımalar üzrə Assosiasiyanın həm üzvü, həm də yaradıcılarından biri olan ABADA, TIR sistemi və digər beynəlxalq nəqliyyat vasitələrinin təşviqi və tətbiqi üçün hər zaman aidiyyatı təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyətini təşkil edib. Bu işdə T. Nurullayevin birbaşa iştirakı onun əməyinin nəinki ölkə üçün əhəmiyyətli olduğunu, eyni zamanda beynəlxalq avtomobil nəqliyyatı ilə daşımalar sahəsindəki xidmətlərinin də əvəzsiz olduğunu sübut edir.

ABADA kollektivi olaraq, Fəxri prezidentimizi hörmətlə anırıq!