Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı-Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun növbəti Beynəlxalq Summiti keçirilib. 04-11 noyabr tarixlərində Londonda ənənəvi təşkil olunan tədbirdə Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatları, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssisləri, maliyyə menecerləri iştirak edib. Toplantı maliyyəçilər üçün davamlı inkişaf proqramına uyğun mövzuları əhatə edən canlı panel çıxışlardan, sosial toplantılardan, uğurlu mühasibat karyerası, biznes üçün taktiki məsləhətlər və sübut edilmiş strategiyaları bölüşmək üçün "networking" müzakirələrdən, yarışlardan və texnologiya sərgisilərindən ibarət olub. Tədbirdə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvləri iştirak ediblər. Summit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə də iqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan şirkətlər və maliyyəçilərə 14-cü Beynəlxalq LUCA mükafatının təqdimatı olub. Mühasibatlıq dünyasının Oskarı sayılan bu mükafata “Best Tutor” (İlin Təlimçisi) nominasiyasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) maliyyə direktoru Əfqan Səfərli də layiq görülüb. Qeyd edək ki, Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır.