Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) URTA Baş Assambleyasının 42-ci iclası keçirilib

7 Noyabr 2023 - 10:20

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində Orta Dəhlizin əhəmiyyəti və getdikcə həyati əhəmiyyət kəsb etməsi əsas müzakirə mövzusu olub.

Bildirilib ki, Orta Dəhliz və Qara dənizin cənub sahillərini əhatə edən, Qafqaz və Avropa arasında yerləşən marşrutlar üzrə yük daşımaları son illərdə xeyli artıb. Bu isə tıxac olan sərhədlərə təzyiq göstərir və transsərhəd əməliyyatlara mane olur.

Avtomobil Nəqliyyatı İttifaqının prezidenti Radu Dinesku və Baş Katib Umberto de Pretto Azərbaycan Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd ediblər ki, 2022-ci ildə Orta Dəhliz vasitəsilə tranzit 2021-ci illə müqayisədə 150% artıb. Təkcə 2022-ci ilin dekabrından 2023-cü ilin yanvarınadək Xəzər hövzəsində konteyner dövriyyəsi 5,5 dəfə çoxalıb.

“Bu, qlobal əlaqə və regional rifah üçün əla xəbər olsa da, malların səmərəli və təhlükəsiz şəkildə axmasını təmin etmək öhdəliyimiz var. Sərhədlərdə uzun gözləmə müddətləri və əlavə xərclər səbəbindən nəqliyyat operatorları və sürücüləri əziyyət çəkirlər. QDİƏT ölkələri Orta Dəhlizin nizamlanmasında həlledici rol oynayır. Biz QDİƏT-URTA-nın sərhəd keçidlərini sürətləndirmək üçün göstərdiyi bütün səyləri yüksək qiymətləndiririk. Biz getdikcə artan yükdaşıma həcmlərini təmin etmək üçün birgə işi davam etdirməliyik”, - deyə R.Dinesku əlavə edib.

O, Orta Dəhliz boyunca nəqliyyatın təkmilləşdirilməsi üçün həllər və yanaşmaları qeyd edərkən rəqəmsallaşmanın vacibliyini vurğulayıb.

“UNECE ilə birlikdə biz regionda eTIR-in tətbiqini sürətləndirmək üzərində işləyirik ki, bu da e-CMR, e-Viza və e-İcazələrlə müşayiət olunmalıdır. Onların hamısı əhəmiyyətli üstünlüklər və nəqliyyat əməliyyatlarını optimallaşdırmaq imkanı təklif edir”, - deyə Radu Dinesku vurğulayıb.

Həmçinin qeyd olunub ki, Azərbaycan, Bolqarıstan və Yunanıstan hələ də QDİƏT icazə sisteminin bir hissəsi deyil və onlar da tezliklə bu sistemə qoşulmalı, təklif olunan bütün imkanlardan yararlanmalıdırlar.

Bildirək ki, 10 il əvvəl yaradılmış sistemin getdikcə artan uğuruna əsaslanaraq, IRU və BSEC-URTA icazələrin sayının artırılması və onun coğrafi əhatə dairəsinin genişləndirilməsini müdafiə etməkdə davam edir.