Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının iştirakı ilə daşıyıcıların görüşü keçirilib. Məqsəd Azərbaycanda beynəlxalq avtomobil daşımaları fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vergilərin ödənilməsi ilə bağlı çətinliklərinin müzakirə edilməsi olub.
Görüşdə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov iştırak edib. Tədbirdə iştirak edən hüquqi və fiziki şəxslər yoxlama zamanı ayrı-ayrı vergi əməkdaşlarının daşıma prosesində yerinə yetirilən əməliyyatlara müxtəlif mövqelərdən yanaşmaları, vergi ödənilməsi üçün vahid mexanizmin olmaması, daşıyıcıların xarici ölkədə yaranan xərclərinin (yanacaq, təmiz, boş dayanma və s.) nəzərə alınmaması, sürücülərin əmək haqlarından sosial müdafiə fonduna ödənişlərin hər ay tələb olunması (baxmayaraq ki, sürücülər reys başa çatdıqdan sonra əmək haqqı alırlar), daşıma haqqının (fraxt) köçürmə yolu ilə ödənilməsinin tələb edilməsi kameral yoxlamaların tətbiqində problemlər və s. məsələlər diqqətə çatdırılıb.
Dövlət Vergi Xidmətinin nümayəndəsi Əhməd Əhmədov verilən suallara aydınlıq gətirib, problemli məsələlərə baxılacağını bildirib.
Avtodaşıyıcılar mülkiyyətlərində olan və ya icarəyə götürülən nəqliyyat vasitələri üçün sabit vergi məbləğinin müəyyən edilməsi, yükgöndərən daşıma haqqını nağd vəsaitlə ödədikdə vergi ödənilməsi mexanizmi, bir nəqliyyat vasitəsi olan daşıyıcıların sadələşdirilmiş vergi ödəyə bilməsi üçün təkliflər veriblər. Qanunvericiliyə uyğun olaraq, daşıyıcıların vergi ödəmələrinin asanlaşdırılması üçün yardım edilməsi xahiş olunub.
Vergi ödənilməsi zamanı xüsusi problemi olan aşağıdakı şirkətlərin sənədlərinə yenidən baxılması üçün təqdim edilib.
Bunlar aşağıdakılardır:
1. “Turan Transport”
2. “M.İ.Southtrans”
Qeyd edək ki, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli 149 nömrəli Qərarına əsasən, hüquqi və fiziki şəxslər “Buraxılış-vəsiqəsi” və nəqliyyat vasitələrinə Kartların alınması üçün Qaydalarda tələb olunan zəruri sənədləri Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Sənədlərdə qeyd olunan məlumatlar “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilib.