ABADA RƏSMİSİ BEYNƏLXALQ YÜK DAŞIMALARI FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN DAŞIYICILARIN SUALLARINI CAVABLANDIRIB

22 İyun 2023 - 20:22

20 iyun 2023-cü il tarixində Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq yükdaşıma şirkətlərinin görüşü keçirilib. “Az-Baysped”, “Ece Sped” və “Azerline Logistic” şirkətlərinin təşəbbüsü ilə baş tutan tədbirdə 70-dən artıq avtomobil-yükdaşıma şirkətinin nümayəndəsi iştirak edib. Azərbaycan Ekspeditorlar Assosiyasiyasının və AZTUGEM şirkətinin rəhbərliyi də görüşə qatılıb.
Müzakirələrin əsas mövzusu beynəlxalq yükdaşımalar zamanı rast gəlinən problemlər, onların həlli yolları ilə bağlı olub, daşımaların inkişafı üçün müxtəlif təkliflər səslənib.
Belə ki, “İcazə” blanklarının əmtəə-nəqliyyat qaiməsi (CMR) əsasında verilməsi  zamanı müxtəlif ölkələrdə yüklənən, “İcazə”ləri gözləyən sürücülərə çatdırılması (təyyarə avtomobil və.s) çətinlikləri, Azərbaycanın ixrac məhsullarını xaricə daşıyan nəqliyyat vasitələrinə sərhəd-keçid məntələqində 600 litrdən artıq yanacağa görə tətbiq olunan məhdudiyyət, yüklərin daşınması zamanı Azərbaycan avtodaşıyıcılarının 6% vergi ödəməsinin xarici daşıyıcılarla münasibətdə rəqabətlilik qabiliyyətlərinin azalması, CMR sığortasının olmaması ətrafında fikir mübadilələri aparılıb.
Tədbir iştirakçıları həm də “Buraxılış vərəqəsi” və “Kart”ların alınması üçün şirkətlər tərəfindən AYNA-ya təqdim edilmiş sənədlərin bir neçə aydan sonra şirkətə qaytarılaraq şirkət tərəfindən sistemə daxil edilməsinin yaratdığı çətinliklər, Whatsapp qruplarının daşıyıcılara yaratdıqları problemlər, yeni nəqliyyat vasitələrinin alınması və istehsalı genişləndirmək məqsədilə daşıyıcılara güzəştli kreditlərin verilməsi, sürücü bir şirkətdən digərinə keçərkən yaşanan problemlər və digər aktual məsələləri də müzakirə ediblər.
ABADA-nın Baş Katibi vəzifəsini icra edən Kənan Qurbanov daşıyıcı şirkətlərin nümayəndələrinin suallarını cavablandırıb. Tədbirin sonunda bir sıra problemlərlə bağlı aidiyyəti qurumlara müvafiq müraciətlərin göndərilməsi qərara alınıb.