“ŞİMAL-CƏNUB” BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZİ ÜZRƏ YÜKDAŞIMALARDA AZƏRBAYCANIN ÖNƏMİ ARTIR

17 İyun 2023 - 14:43

“Son 20 ildə Azərbaycanda 15 min km avtomobil, 1400 km dəmir yolu tikilib və əsaslı təmir olunub, yeni hava limanları, beynəlxalq dəniz limanı istifadəyə verilib”. Bu sözləri Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumda səsləndirib. Tədbir çərçivəsində baş tutan "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi-əməkdaşlığın inkişafı" mövzusundakı dəyirmi masada çıxış edən ABADA rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə yük axınını artıracaq, onun bütün marşrutlarının daha da cəlbədiciyinə və effektivliyinə səbəb olacaq. SİTAT: "Azərbaycanda böyük beynəlxalq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kəsişir. Bu baxımdan, son zamanlarda gündəmdə olan regiondakı digər nəqliyyat kommunikasiyalarının da açılmasının strateji əhəmiyyətini vurğulamaq istərdim. Düşünürük ki o cümlədən Zəngəzur dəhlizinin işə salınması adı çəkilən beynəlxalq koridorlardan istifadə edəcək dövlətlərin istisnasız hər birinin yararına olacaq". ABADA prezidenti həmçinin qeyd edib ki, nəqliyyat əlaqələrinin inkişafı və tranzit potensialından istifadənin genişləndirilməsi Azərbaycanın nəqliyyat siyasətinin ən mühüm prioritetlərindəndir. "Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkənin qlobal nəqliyyat sistemində ən qısa nəqliyyat dəhlizlərinin yaradılmasında rolunu əhəmiyyətli dərəcədə artırır. Bu da Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafını stimullaşdırır və tranzit potensialından maksimum istifadəni aktuallaşdırır”. Onun sözlərinə görə bu məqsədə nail olunması üçün ölkə ərazisindən keçən bütün beynəlxalq nəqliyyat kommunikasiyaları əsaslı şəkildə yenidən qurulub. H.Həsənov Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini, irihəcmli nəqliyyat layihələrinin həyata keçirilməsində iştirak etdiyini, onlardan birinin də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı olduğunu vurğulayıb. Forum çərçivəsində ASMAP və ABADA arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandum,beynəlxalq avtomobil daşımaları, eləcə də Tərəflərin dövlətlərinin əraziləri vasitəsilə üçüncü dövlətlərə tranzit daşımaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığa kömək edən etibarlı və bərabərhüquqlu tərəfdaşlıq xarakteri daşıyır. Sənəd qarşılıqlı maraq doğuran məsələlər üzrə məlumat, sənədlər və təcrübə mübadiləsi yolu ilə, həmçinin mövcud beynəlxalq alətlərdən istifadə etməklə Şimal-Cənub dəhlizi boyunca yeni xidmətlərin tədbiqi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasına nail olunmasını nəzərdə tutur.