Bakıda ilk dəfə keçirilən I Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu işini yekunlaşdırıb. Forum 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutan 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi çərçivəsində keçirilib. Tədbirdə Azərbaycanın dövlət qurumları ilə yanaşı bir çox qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat-ekspedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun mütəxəssisləri bir araya gəlib. Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçuları arasında məlumat və təcrübə mübadiləsinin aparılması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradır. Forumda çıxış edən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının prezidenti Həbib Həsənov Azərbaycanın beynəlxalq logistika marşurutlarını birləşdirərək HAB-a çevrilməsi, tranzit perespektivləri, logistika məsrəflərinin optimallaşdırılması kimi məsələlərə toxunub. Qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq inteqrasiya prosesində olduqca vacib olan transmilli yükdaşımaya, nəqliyyat dəhlizlərinin yaradılması prosesinə xüsusi önəm verir. ABADA-nın keçdiyi yola nəzər salan H. Həsənov 1993-cü ildən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (İRU) üzv qəbul edildiklərini, Qara Dəniz İqtisadi Əmməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrinin Assosiasiyaları Konfederasiyasiyası (BSEQ-URTA), Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) , TRACECA, Türkiyə Respublikasının, Rusiya Federasiyasının, Gürcüstanın və Belarus Respublikası daxil olmaqla onlarla ölkənin beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyaları ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Qurum rəhbəri 1997-ci ildən ABADA-nın Azərbaycan avtodaşıyıcılarının Beynəlxalq Yük Daşımalarında BYD kitabçası üzrə təminat orqanı təyin edilməsini və “Beynəlxalq Yük Daşımaları Kitabçasının (Karnet-TIR) tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının şərtlərini səlahiyyətləri çərçivəsində ölkəmizin ərazisində yerinə yetirilməsini təmin etməklə və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvü olaraq, avtodaşıyıcıları TIR kitabçası ilə təmin etməsini də Forum iştirakçılarına bildirib. Sonda Birlik prezidenti ABADA-nın Azərbaycan və Xəzər dənizi regionunda nəqliyyat və logistikanın inkişafı üçün hazırlanan ləyihələrin həyata keçirilməsi istiqamətində təqdim edilən
bütün təşəbbüsləri dəstəklədiklərini dilə gətirib.