Beynəlxalq daşımaları yerinə yetirən sürücülərin peşəkarlığının artırılması ilə bağlı görüş keçirilib

16 Noyabr 2022 - 12:22

"AzTugem" MMC-nin və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları yerinə yetirən sürücülərin peşəkarlığının artırılması ilə bağlı görüş keçirilib. Tədbirdə ABADA-nın Baş katibinin vəzifəsini icra edən Kənan Qurbanov da iştirak edib. Kənan Qurbanov tədbir iştirakçılarına 8 aprel 2023-cü il tarixindən beynəlxalq daşımalara buraxılış qaydalarının qüvvəyə minməsi ilə əlaqədar sürücülərin, eləcə də daşıyıcıların məsul şəxslərinin hazırlığı haqqında məlumat verib. Kənan Qurbanov ABADA-nın bu istiqamətdə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) akkreditasiyasından keçən tədris mərkəzinin fəaliyyət göstərdiyini və bu tədris mərkəzinin Azərbaycan ərazisində İRU akkreditasiyalı yeganə mərkəz olduğunu qeyd edib. Eyni zamanda, sürücülərin hazırlığı ilə əlaqədar ABADA ilə "AzTugem" MMC arasında əməkdaşlığın yaradıldığı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.