Yunanıstanın Saloniki şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyinin (BSEC-URTA) 40-cı ümumi yığıncağı keçirilib. Tədbirdə bu il üzv ölkələrin avtomobil nəqliyyatı sahəsində görülən işlər, qarşıya qoyulan planların icrası ilə bağlı dinləmələr keçirilib.
Ümumi yığıncaqda cari il üçün nəzərdə tutulan tədbirlər planı müzakirə edilib. Birliyin İşçi proqramı təsdiq edilib.
Tədbirdə ölkəmizi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibinin müavini Kənan Qurbanov təmsil edib. ABADA rəsmisi ötən dövr ərzində görülən işlərdən, tətbiq edilən yeniliklərdən bəhs edib. K.Qurbanov Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsinin rəqəmsallaşmaya keçid etdiyini vurğulayıb. Qeyd edilib ki, artıq Azərbaycanda e-TIR, digital-TIR kimi vacib platformalar üzrə işlər icra edilməkdə, e-CMR platforması üzrə məsləhətləşmələr aparılmaqdadır. Bundan əlavə, Azərbaycanın tranzit imkanlarını yüksəldən, həmçinin yerli daşıyıcılarımızın xarici bazarlara çıxışını artıran BSEC-permit sistemi üzrə də ilkin razılıq əldə olunub.
Yaxın gələcəkdə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının qəbul etdiyi və hədəflədiyi digər layihlərin də ölkəmizdə tətbiqi istiqamətində ABADA tərəfindən lazımi tədbirlər həyata keçiriləcək.
Təşkilata üzv ölkələrin nümayəndə heyətləri illik hesabatlar dinlənildikdən sonra ötən ilki qərarların icrası ilə bağlı məruzə oxunub. 40-cı ümumi yığıncağın sonunda qurumun 2023-cü il üzrə büdcəsi təsdiq edilib. Təşkilatda rəhbər vəzifələrə seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 25 iyun 1992-ci ildə İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb və Azərbaycan həmin tarixdən Təşkilatın təsisçi üzvüdür. Azərbaycandan əlavə Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova Ermənistan, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna və Serbiya təşkilata üzv ölkələrdir. Təşkilat regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və region dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb.